service

"Mahal Construction" layihələrində özülün qurluşu

  • 2021-02-15 00:00:00
  • Admin
  • 148

Bu məqalədə biz özüllərin tikilməsi haqqında biliklərin inkişaf tarixindən danışacağıq.

 Hər bir evin tikintisi nədən başlayır? Hətta tikinti barədə az məlumatı olan hər bir kəsin cavabı bu olacaq ki, evin tikintisi onun təməlinin (özülünün, bünövrəsinin) salınmasından başlayır. Həqiqətən, bu gün etibarlı təməl olmadan bina tikmək mümkün deyil və çətin ki, hal hazırda təməlsiz tikinti texnologiyasına üstünlük verən tapılsın.
Bəs bu etibarlı tikinti texnologiyası nə zaman yaranmışdır? Bundan ötrü baş vuraq təməl tikintisinin tarixinə.

 Özüllərin tikintisinin başlanğıcı tarixi çox qədim dövrlərdən başlayır. Afrika və Okeaniya əhalisi öz daxmalarını dirəylər (svaylar) üzərində tikirdilər. Bu dirəyləri indi istifadə olunan təməlin (fundamentin) əcdadı hesab etmək olar. Daxmaları yerdən hündürdə, dirəklər üzərində tikmələrinin səbəbi özlərini vəhşi heyvanlardan və düşmənlərdən qorumaq idi. Okeaniya ərazisində qədim yaşayış məskənləri əsasən böyük qaya parçaları, qalın daş plitələr və 2-3 metr hündürlüyə malik ağac dirəylər üzərində yerləşən daxmalardan ibarət idilər.

Avropada dirəkli təməl texnologiyasının tətbiqinə 17-ci əsrin əvvələrindən başlanılmışdır. İnşasında əsasən dirəkli təmələ ehtiyacı olan şəhər Venesiya olmuşdur. Bu günə kimi də orada taxta dirəklər üzərində inşa edilmiş saraylar qalmaqdadırlar. Bu tikililərin bəzilərinin yaşı 500 ili ötüb.

1665-ci ildə  Amsterdamda, təməli 13.659 dirəkdən ibarət olan şəhər ratuşası (bələdiyyə binası) inşa edilmişdir. Hal hazırda bu bina  Niderlandlıya padşahının üç iqamətgahından biridir.

Özül inşaat texnologiyası heçdə bütün sivilizasiyalar tərəfindən müsbət qarşılanmırdı. Çox böyük kütləyə malik, tanınmış Misir ehramları və həmçinin hamıya yaxşı tanış olan Xeops ehramı təməlsiz inşa edilmişlər. Çəkisi 4 mln. tona yaxın olan bu ehram üçün ağıla sığmayan möhkəmliyə malik təməl tələb olunardı, lakin artıq e.ə. 4-cü əsrdə Qədim Misirdə böyük və sıx bünövrələr üzərində inşa işləri aparmaq təcrübəsi vardı. Bu ehramın təməli kimi təbii qayalıqdan istifadə edilmişdir. Bunun üçün 53.000m2 sahədə böyük qaya qatı hamarlanmış və təməl kimi istifadə edilmişdir.

Hər bir texnologiya kimi, təməldən istifadə etməklə tikinti aparılması texnologiyasınında öz nəzəriyyəçiləri olub. Məşhur filosof Vitruviy e.ə. 1-ci əsrdə, özüllərin inşası üzrə praktiki təlimat izah olunmuş traktat yazmışdır.

Daha dəqiq və əyani nəzəri tədqiqatlar artıq 18-ci əsrdə İtaliyada və Fransada aparılmış və təsvir edilmişlər. Məhz bu ölkələrdə təməl vasitəsi ilə inşa geniş yayılmışdı.

1773-cü ildə tanınmış  fransız fiziki Kulon, tikililərin divarlara və  torpağa göstərdiyi təzyiqi hesablamağa imkan verən nəzəriyyə yaratmış və yazılı surətdə bunu təhkim etmişdir.

Uzun müddət təməllər etibarlıqları ilə fərqlənmirdilər və bir çox inşaatçı-praktiklər təməllərin möhkəm və uzunömürlü etməyin yollarını axtarırdılar. Nəhayət bütün bu axtarışlar 19-ci əsrin əvvəllərində dəmir-betonun kəşfinə gətirib çıxartdı, hansı ki, indiyədək özüllərin tikintisinin ayrılmaz cəhəti olaraq qalır.

Əminliklə demək olar ki, təməl (özül, bünövrə) - bəşəriyyətin ən faydalı kəşflərindəndir. Bu gün istər fərdi ev, istərsə də çoxmərtəbəli bina tikintisini təməl inşası olmadan təsəvvür etmək mümkün deyil. Yüz illər ərzində tətbiqi müddətində, özül üzərində tikinti texnologiyası özünü yaxşı tərəfdən göstərib. Hazırda mühəndislər bu texnologiyanı inkişaf etdirir, tikintinin daha etibarlı etmək üçün çalışırlar.

 

Mövzunun davamı kimi, sizləri, “Panorama Bayıl”, “Baku Nar Residence” və “Çinar” yaşayış komplekslərinin timsalında müasir özüllər ilə tanış etmək istəyirik. Müasir özülün salınması çox saylı mərhələlərdən ibarət mürəkkəb tikinti prosesidir. Belə ki, qeyd etdiyim yaşayış komplekslərinin özülləri müxtəlif materiallardan ibarət olub, bir çox qatdan ibarətdir. Özülün salınması isə bir çox mərhələləri əhatə edir.

Ətraflı baxış üçün “Panorama Bayıi” YK-nin təməli üzərində dayanaq, o daha mürəkkəb quruluşa malikdir. Bu binanın özülünün salınması 10 mərhələdən ibarətdir. Hər mərhələdə bir qat formalaşır.

Gəlin əvvəl bu özül qatının struktur sxemi ilə tanış olaq, daha sonra ətraflı olaraq hər bir qatı nəzərdən keçirərik.

  1-ci mərhələdə təməlin salınacağı təbii torpaq sahəsi hazırlanır. Təməlin bütün digər qatları məhz bu qat üzərindən salınacaq. 2-ci mərhələdə gələcək özülün dayanaqlığını və möhkəmliyini təmin edəcək  dəmir-beton dirəklərin (svayların) quraşdırılması işləri aparılacaq. Bu mərhələdə bir neçə növ dirəkdən (svaydan) istifadə oluna bilərdi:

  • Hazır dəmir beton dirək (svay);
  • İçi boş, tam dəmir dirək (svay);
  • Qazma-tökmə dəmir beton dirək (svay).

 1-ci və 2-ci dirəklərin (svayların) torpaq qatına yeridilməsi üçün xüsusi ağır texnika istifadə edilir. İş prosesi səs-küylü keçir və ətraf tikililərə güclü titrəmə təsiri göstərir. “Panorama Bayıl” YK-nin tikinti sahəsinin ətrafında sıx olaraq bir çox yaşayış və qeyri yaşayış binalarının yerləşdiyini nəzərə alaraq 3-cü növ dirəklərdən, qazma-tökmə (svaylardan) istifadə etmək qərara alınıb. Bu məqsədlə təməl salınacaq sahədə dirəklərin (svayların) sayına uyğun 39 ədəd quyu qazılıb (hər bina altında, 2 bina üçün 78). Qazılmış quyular bir neçə metr torpaq qatını keçdikdən sonra daha 2 metr dərinliyə qaya süxuruna daxil olublar. Bundan sonra quyulara xüsusi olaraq hazırlanmış dəmir gövdələr yerləşdirilmiş və quyular beton məhlulu ilə doldurulmuşlar.

 

Quyunun qazılması

 

Quyuya endiriləcək dəmir gövdənin hazırlanması

Dəmir gövdənin quyuya endirilməsi

Bütün dirəklər hazır olduqdan sonra ərazinin təbii torpaq qatı xüsusi texnika vasitəsi ilə döyəclənərək bərkidilib. Bundan sonra növbəti, 3-cü mərhələ, təbii torpaq qatının üzərinə qum-çınqıl qatının yayılması və döyəclənərək bərkidilməsi yerinə yetirilib. Bu qatın üzərindən xüsusi polietilen qat salınır. Bu qatın salınmasında məqsəd sonradan salınacaq beton qatların torpaq qatından təcrid etmək, torpağın rütubətindən qorumaq və eyni zamanda beton məhlulun tərkibindəki mayenin torpağa hopmasının qarşısını almaqdır.
5-ci mərhələdə birinci hazırlıq beton qatı salınır. Hazırlıq beton qatlarında armatur istifadə olunmur. Bu qatlar əsas dəmir-beton monolit özül üçün hazırlıq qatı rolunu oynayır. Belə ki, əsas özül qatında armaturdan xüsusi gövdə yığılır və bu gövdə sonradan töküləcək beton qatının daxilində qalmalıdır. Bunun üçün isə gövdənin konstruksiyası yığıldığı səthdən ən azı 35 mm yuxarıda yerləşməlidir. Məhz hamar hazırlıq beton qatı bu tələbi yerinə yetirməyə imkan verir. Bundan başqa, hazırlıq beton və izolyasiya qatları, əsas monolit özülün beton məhlulunun tərkibindən mayenin torpağa hopmasının qarşısını alır və bunun ilə əsas dəmir-beton qatın möhkəmliyini təmin etmiş olurlar. Növbəti 6,7,8-ci mərhələlərdə 1-ci və 2-ci hazırlıq beton qatları arasında xüsusi materiallardan ibarət izolyasiya qatları salınır. Bu 3 qatdan ikisi geotekstil izolyasiya qatı və onların arasında xüsusi PVC membrana qatıdır. Hər 3 qat yüksək hidroizolyasiya xüsusiyyətinə və möhkəmliyə malikdirlər. 9-cu mərhələdə ikinci hazırlıq beton qatı və nəhayət 10-cu mərhələdə əsas, dəmir-beton monolit özül qatı salınır. Bu qatın qalınlığı 1700mm təşkil edir! İndi isə sizi özülün salınması mərhələsinə qısa, əyani ekskursiyaya dəvət edirik.

 
Qum-çınqıl qatı

1-ci hazırlıq beton qatı

 

1-ci geotekstil izolyasiya qatı

 

PVC membran qatı

 

2-ci geotekstil izolyasiya qatı

 

2-ci hazırlıq beton qatı

 

Əsas özülün dəmir gövdəsi

“Çinar” və “Bakı Nar Residence” yaşayış komplekslərində özülün qurluşu yuxarıda təsvir edilən kimidir. “Baku Nar Residence” layihəsinin özül quruluşunda kiçik fərq var. Bu layihədə dəmir-beton dirəklərdən (svaylar) istifadə olunmayıb, lakin "Çinar" yaşayış kompleksinin bünövrəsində isə müxtəlif ölçülü və konfiqurasiyalı 200 artıq svaydan istifadə olunub!
“Mahal Construction” tərəfindən icra edilən bu layihələr günün tələbinə uyğun və müasir tikinti texnologiyalarından istifadə olunmaqla inşa edilirlər.

Paylaşmaq:

Bizim haqqımızda

“Mahal Construction” – tikinti şirkəti olaraq, daşınmaz əmlak bazarında, layihələrin konsepsiyalarının hazırlanmasından, onların tikintisinə, satışına və hazır obyektlərin idarə olunmasına kimi tam spektr xidmətlər təklif edir.

Baş ofis
Bakı, Binəqədi, S.Bəhlulzadə 1
Telefon: (012) 563-16-21
Mobil: (050) 218-18-45
E-mail: info@mahal.az

Ofisin yerləşimi


İş saatları

  1. Bazar ertəsi-Cümə: 09:00 - 17:00
  2. Şənbə: 10:00 - 16:00
  3. Bazar: Bağlıdır